Ümumi qaydada Türkiyə vətəndaşlığının şərtləri
- Yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyətinə malik olmaq,
- Müraciət tarixindən geriyə doğru 5 il fasiləsiz Türkiyədə yaşamaq,
- Türkiyədə məskunlaşmaq niyyətini davranışları ilə göstərmək (əmlak, iş yeri, investisiya, iş icazəsi ilə işləmək, Türkiyə vətəndaşı olan həyat yoldaşı və ya yaxın qohum, ailəliklə müraciət, Türkiyədə təhsil),
- Ümumi sağlamlıq baxımından təhlükə yaratmamaq və yaxşı əxlaqa malik olmaq,
- Kifayət qədər türkcə danışa bilmək,
- Özünün və himayəsində olanların dolanışığını təmin edəcək gəlirə və ya peşəyə malik olmaq,
- Milli təhlükəsizlik və ictimai asayiş baxımından maneə törətməmək.
Hansı müddətlər hesablanır?
- Ailə, qısamüddətli (turizm məqsədli istisna olmaqla), iş icazəsi və uzunmüddətli yaşama icazəsi (ikamet izni) müddətləri hesablanır.
- Turizm məqsədli yaşama müddətləri heç vaxt hesablanmır. Tələbə və müalicə məqsədli müddətlər sonradan hesablanan icazə növünə keçildikdə nəzərə alınır.
- 6 aydan çox icazəsiz qalma yaşama müddətini kəsir; 5 il həmin tarixdən sonra yenidən başlayır.
- Xaricdə qalma müddəti: Qanun 5 il ərzində cəmi 12 ayadək ayrılığa icazə verir; Əsasnamə (Yönetmelik) və praktika isə 6 ayı əsas götürə bilər. 6 ayı keçən ayrılıqlarda sənədlərin diqqətlə hazırlanması tələb olunur.
Türkiyə vətəndaşı ilə ən azı 3 ildir evli olanlar nikah yolu ilə, müəyyən məbləğdə investisiya edənlər və Turkuaz Kart sahibləri istisna qaydada vətəndaşlığa müraciət edə bilərlər.
Tez-tez verilən suallar
Müraciət haraya edilir?
Müraciət yaşadığınız vilayətdəki Nüfus və Vətəndaşlıq İdarəsinə (İl Nüfus ve Vatandaşlık Müdürlüğü) edilir. Müraciətdən sonra komissiya müsahibəsi keçirilir və türk dili biliyi qiymətləndirilir.
Barəmdə məhkəmə işi olduğu halda müraciət edə bilərəmmi?
Xeyr. Davam edən cinayət təqibi, məhkumluq və ya həbsdə olma halında müraciət qəbul edilmir.
Hüquqi əsas: 5901 sayılı Türk Vatandaşlığı Kanunu md. 11, 12, 15, 16; Türk Vatandaşlığı Kanununun Uygulanmasına İlişkin Yönetmelik md. 15, 16, 71.